
- 22 Sentyabr 2026
- 22:54
- 9
"Gəncə" VK ilə “Sağlam Nəfəs” MMC arasında sponsorluq müqaviləsi imzalanıb
Müqaviləni "Gəncə" VK-nın prezidenti Elvar Osmanov və “Sağlam Nəfəs” MMC-nin icraçı direktoru Rahib İbrahimov imzalayıblar. Müqavilə tərəflər arasında idmançıların sağlamlığının qorunması, tibbi-reabilitasiya xidmətlərinin göstərilməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.
Müqaviləyə əsasən, “Sağlam Nəfəs” MMC tərəfindən Gəncə VK-nın idmançılarına və əməkdaşlarına fizioterapevt, terapevt və travmatoloq qəbulları, eləcə də müxtəlif fizioterapiya və reabilitasiya xidmətləri təqdim olunacaq. Eyni zamanda, əməkdaşlıq çərçivəsində “Sağlam Nəfəs” MMC-nin loqosu oyunçu formalarında, voleybol yarışlarının keçirildiyi idman komplekslərinin reklam panellərində və klubun rəsmi kommunikasiya materiallarında yerləşdiriləcək.
Gəncə Voleybol Klubunun prezidenti Elvar Osmanov bildirib ki, bu əməkdaşlıq idmançıların sağlamlığının qorunması və onların peşəkar fəaliyyətlərinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Sağlam Nəfəs” MMC-nin icraçı direktoru Rahib İbrahimov isə qeyd edib ki, şirkət idmanın inkişafına və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdən məmnundur.



