
- 08 Oktyabr 2026
- 22:47
- 169
Voleybolun nəbzi Gəncədə döyünür!
Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Voleybol Federasiyasının, “Gəncə” Voleybol Klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə Gəncə şəhərində ilk dəfə “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında voleybol festivalı keçirilib. Tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov və “Gəncə” Voleybol Klubunun prezidenti Elvar Osmanov çıxış ediblər.
Çıxış zamanı bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında bu idman növünə marağın artırılması, eləcə də sağlam həyat tərzinin təşviqidir. Müxtəlif idman və əyləncə proqramlarını bir araya gətirən tədbir gənclərin idmana cəlb olunmasına və voleybolun daha geniş auditoriya arasında populyarlaşmasına xidmət edir.
Açılış mərasimində YAP Gəncə şəhər təşkilatının sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru, Gəncə - Daşkəsən regional idarələrinin rəhbərləri, 1 və 2 saylı Uşaq-gənclər və idman-şahmat məktəblərinin direktorları, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Festivalın diqqətçəkən məqamlarından biri də “Gəncə” Voleybol Klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olub. Komandanın yeni mövsümdə mübarizə aparacaq oyunçuları azarkeşlərə təqdim edilib.
Gəncədə səfərdə olan “DH Volley” klubu səhnəyə dəvət olunub, “Turan” və “DH Volley” komandalarına avrokuboklarda uğurlar arzulanıb.
Festival çərçivəsində 120-dək voleybolu topu meydançaya daxil edilib, peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri və dostluq oyunu təşkil olunub. Həmçinin 10–14 yaşlı uşaqlar arasında mini voleybol turniri keçirilib, iştirakçılar üçün müxtəlif idman və əyləncə proqramları təqdim edilib. Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və peşəkar idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər.
Sonda voleybol, musiqi və əyləncəni bir araya gətirən festival iştirakçılar üçün təşkil olunan xüsusi konsert proqramı təqdim olunub. Festivala 3 mindən artıq insan qatılıb.




