“Gəncə” voleybol klubu ilə “Hasanli” Sport Law Centre arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləni “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov və “Hasanli” Sport Law Centre-nin rəhbəri Elcan Həsənli imzalayıblar.

Birillik imzalanan müqaviləyə əsasən, “Hasanli” Sport Law Centre “Gəncə” voleybol klubunun hüquqi məsələlərinin həll edilməsində və müqavilələrin tərtib edilməsində yaxından iştirak edəcək. Əvəzində isə komandanın ev oyunları zamanı meydançada yerləşən reklam lövhələrində, voleybolçuların formalarında “Hasanli” Sport Law Centre-nin loqosu yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində mərkəzin də loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri də göstəriləcək.

2021-ci ildə yaradılan “Hasanli” Sport Law Centre transfer və müqavilələrin imzalanmasını, həmçinin idmançıların və klubların yerli və beynəlxalq idman qurumlarında maraqlarını təmin edir. Eləcə də, müqavilələrin bağlanması və ləğv edilməsi, gecikmiş oyunçu ödənişləri, intizam cəzalarının tətbiqi, dopinq və digər sahələrlə bağlı məsləhətlər verir.