“Düşünürəm ki, növbəti oyunlarda daha da yaxşı çıxış edəcəyik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gəncə” voleybol klubunun baş məşqçisi Sergey Çasnavitski Yüksək Liqanın IV turunda səfərdə “Abşeron”a 0:3 hesabı ilə məğlub olduqları oyunu şərh edərkən deyib.

Belaruslu mütəxəssis məqsədlərinin mükafatçılar sırasında yer almaq olduğunu bildirib: “Komandada özünəinam problemi var. Yaxşı oynayırıq, lakin haradasa çatışmazlıqlarımız olur. Hər şey öz əlimizdədir. Bütün gücümüzlə çalışırıq. İlk sıralarda olmaq istəyirik”.

S. Çasnavitski komandasının qış hazırlıq planından da söz açıb: “Zəif nöqtələrimizi bilirik. Bu istiqamətdə işlər aparılır. Yanvarda yeni transferimiz olacaq. İnanıram ki, daha yaxşı komanda olacağıq”.

Qeyd edək ki, dörd turdan sonra 3 xalı olan “Gəncə” klubu “Milli Aviasiya Akademiyası” ilə birlikdə turnir cədvəlində 3-4-cü yerləri bölüşdürür.